17.02.2011

Wikileaks Azərbaycan-İsrail münasibətləri haqqında

Wikileaks saytı ABŞ-ın Bakıdakı səfirliyinin diplomatlarının növbəti məxfi teleqramını dərc edib. Bu, 1 yanvar 2009-cu il tarixli Azərbaycan-İsrail əlaqələrinə aid sənəddir.
Sənədin xülasəsində qeyd edilir ki, hər iki ölkə bir-birinin geosiyasi problemlərinə anlayış göstərir və İrana öz təhlükəsizlikləri üçün real təhlükə kimi baxır.
Qarabağ münaqişəsinə görə Rusiya, Avropa və ABŞ-ın Azərbaycanın hərbi tələbatlarına çox vaxt məhəl qoymadığı halda, İsrailin dünya standartlarına cavab verən hərbi-sənaye kompleksi ölkənin maraq obyektidir.


İki ölkə arasında əməkdaşlıq əsasən İranın onlar üçün ciddi təhlükə olduğunun başa düşülməsinə əsaslanır. Bu mənada, hər iki ölkə kəşfiyyat orqanları səviyyəsində əməkdaşlığı dəstəkləsə də, bunu açıq bəyan etməməyə çalışır.
Qəzzədə müharibə başlayanda və İsrailin Bakıdakı səfirliyi qarşısında etiraz aksiyaları keçiriləndə Azərbaycan hakimiyyəti səfirliyin təhlükəsizliyini fəal şəkildə təmin edirdi. Bir çox aksiya iştirakçıları 10-15 günlük həbs olunurdu. Lakin İran səfirliyi qarşısında analoji aksiyaların iştirakçıları belə sərt cəzalandırılmırdı.
Azərbaycanın İsrail vasitəsilə keyfiyyətli silah sistemlərinə çıxışı var. 2008-ci ilin sentyabrında Azərbaycan hökuməti İsrailin Müdafiə Nazirliyi ilə saziş imzalayıb. Bu saziş üç İsrail firmasına raket sistemləri, minomyot və əsgəri təchizat, raket və rabitə sistemləri ixrac etmək imkanı verib.
Həmçinin, mövcud «Qrad» və «Smerç» sistemlərinin və bir sıra digərlərinin təkmilləşdirilməsindən söhbət gedirdi. Azərbaycan yüz milyonlarla dollar dəyərində silah əldə edib. Həmçinin, müxtəlif mühərriklərin istehsalı üzrə birgə müəssisə yaradılıb.
Azərbaycan islam dünyasını nəzərə alaraq, İsraillə ehtiyatlı dostluq edir. Buna görə Bakı İsraildə səfirlik açmır və İsrailin Fələstin ərazisində və Livanda hərbi əməliyyatlarını tənqid edir.
İqtisadi əlaqələrə gəlincə, İsrail biznesmenləri Qazaxıstanda işləməyi daha üstün tuturlar, belə ki, burada bir dəfə rüşvət vermək lazım gəlir. Azərbaycanda rüşvət tələbləri heç vaxt bitmək bilmir, deyə onlar gileylənirlər.
Amerika diplomatları teleqrama şərhdə yazırlar ki, İsrailin Azərbaycana qarşı münasibəti praqmatik olaraq qalır. Belə ki, İsrail Azərbaycana İranla qarşıdurmada müttəfiq, öz silahları üçün bazar kimi baxır. Bu münasibətlər hər iki tərəfi qane edir.

Mənbə: contact.az

Hiç yorum yok:

Yorum Gönder