15.06.2011

İlham Əliyevə növbəti “Wikileaks” zərbəsi

ABŞ səfiri Əliyevin neft kartından demokratiyanı boğmaq üçün istifadə etdiyini yazıb
Enn Dersi: “Hökumət neft zənginliyinə beynəlxalq ictimaiyyətin gözündə siyasi legitimliyini artırmaq vasitəsi kimi baxır”
“Wikileaks” saytı məxfi diplomatik yazışmalar seriyasını yaymaqda davam edir. Növbəti belə yazışmalar arasında ABŞ-ın Bakıdakı səfiri Enn Dersin diplomatik məktubu da var.
2008-ci ildə Vaşinqtona göndərilən məktubda neft gəlirlərinin kəskin axını fonunda Azərbaycan hakimiyyətinin davranışındakı dəyişikliklərdən bəhs edilir:


Əliyevin demokratiya ilə bağlı tövsiyələrə əsəbi reaksiyası
“Neft gəlirləri artdıqca hökumətin davranışı kəskin şəkildə dəyişir, o, özünü daha əmin aparır və açıq-aşkar ölkənin regionun lideri kimi tanınmasını tələb edir.
Hökumət üzvləri qeyd edirlər ki, Azərbaycan Avropaya əsas qaz ixracçısıdır, İran ona Təbrizdə konsulluq açmaq üçün icazə verib, ruslar isə Qəbələ RLS-dən asılıdır. Bu fonda hökumət kənardan tövsiyələr qəbul etmir, ilk növbədə Qərbin demokratiya və insan hüquqları sahəsində tövsiyələrini.
Xarici siyasət sahəsində Bakı ölkəyə turist axınını gücləndirməyə, xaricdə mümkün qədər çox səfirliklərini açmağa çalışır və yüksək səviyyədə səfərlərini fəallaşdırır.
İlham Əliyev açıq-aşkar bildirir ki, beynəlxalq aləmdə nüfuz qazanmaqla işğal edilmiş ərazilərinin azad olunmasına və Qarabağ probleminin həllinə ümid edir.
Lakin o, demokratiya məsələləri ilə bağlı tövsiyələrə və iradlara çox əsəbi reaksiya verir. 2007-ci il Neft-qaz sərgisində Əliyevin Norveç xarici işlər nazirinin müavini Anitu Utseti və Statoil şirkətinin nümayəndə heyətini kəskin şəkildə susdurması buna misal ola bilər.
Belə ki, xarici diplomatlar Bakıda Əliyevin Norveçin Azərbaycanda insan hüquqları məsələlərini qaldırmalı olmaması, neft və qazla məşğul olması barədə atmacasını geniş müzakirə edirdilər. Diplomatlar həmin vaxt Əliyevin qəzəblənməsini hakimiyyətin KİV-ə qarşı yeni təzyiqlərinin xəbərçisi kimi qiymətləndirmişdilər.
Bir qədər sonra Əliyev özü bu epizodu BP rəhbəri Endi İnglislə görüşdə təsvir etmişdi: “Norveçin bizə insan hüquqları ilə bağlı mühazirə oxuması qəbuledilməzdir və buna görə Statoil “Şahdəniz” layihəsinin II fazasında müqaviləsiz qalacaq”. 
“Hədsiz dərəcədə əsəbi olan” Əliyev deyib ki, “yalnız ABŞ özünü belə apara bilər, çünki o, yeganə böyük dövlətdir”.
Ölkə başçısı ABŞ diplomatlarına Rusiya mifini dağıtmasından danışıb
Vaşinqton nümayəndələri ilə söhbətlərdə Əliyev fəxrlə Rusiyadan qaz almaqdan imtina etdiyini deyirdi. Bunu triumf adlandıran Əliyev Rusiya siyasətinə baş əyməkdən imtina etməsini “Qazprom” haqqında əfsanələrin dağıdılması və region ölkələri üçün yaxşı nümunə” adlandırıb.
Prezidentin xarici siyasət üzrə müşaviri Novruz Məmmədov etiraf edir ki, İlham Əliyev Qərbi Azərbaycana dəvət edən atasının səxavətini dəyərləndirmədiyi üçün Qərbdən narazıdır.
Heydər Əliyev qəsdən neft şirkətləri üçün əlverişli şərait yaradaraq, Qərbin buna siyasi dividendlərlə cavab verəcəyinə ümid edirdi, lakin bu, baş vermədi.
Məmmədovun sözlərinə görə, Əliyev atasının neft müqavilələri ilə bağlı “comərdliyinə” yenidən baxır. O, həmçinin deyib ki, dövlət başçısı viza rejimini dəyişməyi və Azərbaycanda işləyən əcnəbilərdən alınan vergiləri artırmağı tapşırıb.
Məmmədov həmçinin bildirib ki, Əliyev Qarabağ münaqişəsi üzrə mövqeyinə və demokratiya sahəsində Qərbin qarşısında götürdüyü öhdəliklərə görə öz administrasiyasının üzvlərinin artan tənqidi ilə üz-üzədir. “Bu qüvvələr demokratik islahatlara qarşı çıxır”, deyən Məmmədov demokratiyanın Qarabağ probleminin həllinə kömək etmədiyinə işarə edib.
Əliyev üçün hörmətin ifadəsi nədir?
Hökumət neft zənginliyinə beynəlxalq ictimaiyyətin gözündə siyasi legitimliyini artırmaq vasitəsi kimi baxır.
Bakının xarici siyasətinin ikinci hərəkətverici qüvvəsi Qarabağ məsələsində böyük dəstək almaq səyləridir. Əliyev və müdafiə naziri Əbiyev müntəzəm olaraq və açıq-aşkar Azərbaycanın hərbi qüvvəsinin artmaqda davam etdiyini və Dağlıq Qarabağı hərbi yolla qaytarmağa hazır olduğunu bəyan edir. Baxmayaraq ki, bu bəyanatlar daha çox yerli ictimaiyyət üçün nəzərdə tutulub.
İctimai məşhurluğa və öz dəyərini artırmağa can atmaq Azərbaycan cəmiyyətinin bütün təbəqələrinə nüfuz edən mədəni xüsusiyyətdir. Sadə vətəndaş üçün bu, mobil telefonunu və ya geyimini nümayiş etdirmək istəyində özünü büruzə verir.
Ölkə rəhbərliyi, o cümlədən prezident Əliyev üçün hörmətin ifadəsi ABŞ və Qərbin Azərbaycanda vəziyyətin Gürcüstan və Ukraynadan pis olmadığı barədə tərifləridir.
Azərbaycan qeyd olunan istiqamətlər üzrə xarici siyasətini gücləndirəcək. Xüsusən, Bakı digər ölkələrin siyasətinə təsir etməyə və öz siyasətini xarici qüvvələrin təsiri altında qurmamağa çalışacaq.
Bu, ABŞ-dan mürəkkəb məsələlər üzrə, xüsusən demokratiya sahəsində islahatlarda irəliləyiş əldə etmək üçün daha çox elastiklik və fəallıq tələb edəcək”.

Hiç yorum yok:

Yorum Gönder