25.08.2011

“WikiLeaks”in Azərbaycan müxalifəti ilə bağlı sənədlər

Müxalifət liderləri ABŞ səfiri ilə nələri müzakirə edib?
Rino Harniş: “Kərimli dedi ki, Azərbaycanın demokratikləşməsinə nail olmaq başqalarının yox, məhz azərbaycanlıların işidir”
Səfir teleqramın girişində bildirir ki, fevralın ortalarında üç müxalifət lideri ilə ayrı-ayrılıqda görüşü zamanı partiyaların gələcək fəaliyyəti və həmin il keçiriləcək seçkilərlə bağlı onların strategiyası müzakirə olunub. “Müzakirələr zamanı “Azadlıq” blokunun həmtəsisçisi, may ayında baş tutacaq əlavə seçkiləri (Müsavat partiyası istisna olmaqla) boykot etmək barədə qərar vermiş AXCP sədri Əli Kərimli fəal mübarizənin tərəfdarı olduğunu, o cümlədən Azərbaycanın inkişafı baxımından önəmli sayılan problemlər və onların həlli ətrafında cəmiyyətin bütün təbəqələrinin yaxından iştirakı ilə müzakirələrin aparılmasını dəstəklədiyini bildirdi. Əli Kərimli, həmçinin beynəlxalq təşkilatların Azərbaycanda demokratiyanın bütün istiqamətlər üzrə inkişafı naminə hakimiyyətə təzyiqlərini artırmasının vacib olduğunu vurğuladı.


ABŞ diplomatlarına aid gizli yazışmaları yaymaqla dünya diplomatiya tarixində “zəlzələ” yaradan “WikiLeaks” saytı Azərbaycanla bağlı növbəti gizli teleqramları açıqlayıb. Həmin teleqramlarda ölkəmizin daxilindəki ictimai-siyasi proseslərin, Azərbaycanın xarici dövlətlərlə münasibətlərinin pərdəarxası məqamları öz əksini tapıb. Açıqlanmış yeni məxfi yazışmaları hissə-hissə oxuculara təqdim edəcəyik.
Ilk olaraq, ABŞ-ın ölkəmizdə səfiri olmuş Rino Harnişin Azərbaycan müxalifətinin liderləri - AXCP sədri Əli Kərimli, Müsavat başqanı Isa Qəmbər və AMIP lideri Etibar Məmmədovla 2006-cı il fevralın ortalarında keçirdiyi təkbətək görüşləri barədə “mərkəz”ə ünvanladığı məxfi teleqramı təqdim edirik. Bir daha qeyd edək ki, məxfi teleqram səfir Rino Harnişin imzası ilə 2006-cı il fevralın 28-də göndərilib.
Müsavat partiyasının başqanı Isa Qəmbər rəhbərlik etdiyi partiyanın may seçkilərinə qatılacağını, prosesdə maksimum diqqət və dəstək qazanmağa çalışacaqlarını bildirdi. Isa Qəmbər, həmçinin Iranın nüvə silahı əldə etmək niyyətindən narahatlıq keçirdiyini də vurğuladı. O, eyni zamanda Qərbin Azərbaycanın Iranla qonşu ölkə olduğunu unutmamasını xahiş etdi.
AMIP lideri Etibar Məmmədov isə ölkədaxili proseslərə öz düşüncə və proqnozlarını çatdırdı. Məmmədov partiyanın faktiki rəhbəri postunu tutmasa da, təşkilatın hüquqi sədri olduğunu, AMIP-in may seçkiləriylə bağlı qərarının qəbulunda yaxından iştirak edəcəyini bildirdi”, - deyə Rino Harniş teleqramın girişində bildirib.
“Əli Kərimli demokratiya uğrunda ardıcıl mübarizəyə qərar verdiklərini dedi”


Rino Harniş daha sonra yazır: ”AXCP sədri Əli Kərimli noyabrda baş tutmuş seçkilərlə növbəti dəfə Azərbaycanda demokratik ənənələrin bərqərar olacağına dair ümidlərinin puç olmasından heyrətləndiyini gizlətmədi. Lakin rəhbərlik etdiyi təşkilatın may seçkilərini boykot etməsinə baxmayaraq, ölkədə demokratiyanın inkişafı istiqamətində ardıcıl mübarizə aparmağa qərar verdiyini bildirdi. Partiya rəhbəri deyib ki, Prezident Administrasiyasının “Ştamp parlamenti” rolunu oynayan qanunverici hakimiyyət funksiyalarının öhdəsindən gəlmək iqtidarında olmadığı üçün, AXCP neft gəlirlərindən tutmuş sistemli islahatlara qədər bütün mühüm problemlərin müzakirəsi istiqamətində cəmiyyətlə sıx əməkdaşlıq edəcək. O, həmçinin AXCP-nin regionlarda fəaliyyətinin gücləndirilməsi, partiyanın sıralarının genişləndirilməsi, Azərbaycanda demokratikləşmə istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində işlərin davam edəcəyini bildirdi. Kərimli onu da əlavə etdi ki, rəhbərlik etdiyi təşkilat sərbəst toplaşmaq azadlığının bərpası üçün də fəal mübarizə aparacaq”.
Sənəddən görünür ki, ABŞ səfiri AXCP-nin fəaliyyətini gücləndirimək istiqamətində görüləcək işlərdən məmnun olduğunu Əli Kərimlinin diqqətinə çatdırıb. Diplomat ABŞ hökumətinin dəstəklədiyi USAID təşkilatının demokratiyanın inkişafı naminə həyata keçirdiyi proqramlar barədə məlumat verib. Səfir deyib ki, bu proqramlar dərhal effek verməsə də, demokratiyanın inkişafı, cəmiyyətin maarifləndirilməsi, dürüst seçkilərin keçirilməsi, vətəndaşların öz hüquqlarını daha dərindən anlaması baxımından yardımçı olacaq.
“Kərimli dedi ki, Azərbaycanın demokratikləşməsi və demokratiyanın inkişafına nail olmaq başqalarının yox, məhz azərbaycanlıların işidir. Bununla belə, nə vaxta qədər ki ABŞ hökuməti üç əsas məsələyə diqqət ayırmayıb, həyata keçirilən layihələr effektsiz olacaq. O, bildirdi ki, Azərbaycanda demokratiyanın qarşısındakı seçki saxtakarlığı kimi əsas maneələri diqqətdə saxlamaq və bu problemlərin Azərbaycan hakimiyyətinə birbaşa etirazlarla həll edilməsi mümkündür. Kərimli iqtidarla müxalifət arasında dialoqa və problemlərin müzakirələr yolu ilə həll edilməsinə tərəfdar olduğunu bildirdi. Partiya sədri, ABŞ hökumətinin həqiqi azad mətbuatı dəstəkləməli olduğunu da diqqətə çatdırdı”, - deyə Harniş məktubunda yazıb.
Diplomat Kərimlinin təklif və fikirlərinin tam doğru olduğunu, ABŞ hökumətinin davamlı və dinc mübarizə formasının tərəfdarı olduğunu partiya sədrinin diqqətinə çatdırıb.
“İsa Qəmbər etiraf etdi ki, cəmiyyətin 50 faizi Müsavatın təkrar seçkilərdə iştirakına qarşıdır”


Səfir daha sonra qeyd edir: “Müsavat partiyasının başqanı Isa Qəmbər təşkilatın gələcək fəaliyyəti ilə bağlı geniş açıqlama verdi. O, dedi ki, Müsavat partiyası cəmiyyətlə və beynəlxalq ictimaiyyətlə daha sıx əməkdaşlıq etməyi planlaşdırır. Isa Qəmbər partiyanın mayda keçiriləcək əlavə seçkilərə qatılacağını da diqqətə çatdırdı. Partiya başqanı etiraf etdi ki, cəmiyyətin 50 faizi Müsavatın əlavə seçkilərdə iştirakına qarşı çıxsa da, bu, insanların parlamentə olan inamsızlığından qaynaqlanır. Isa Qəmbər seçkilərdə iştirak etmək barədə qərarı ona görə verib ki, o, insanlarda yaranan inamsızlığı aradan qaldıracaq və bu qərarın doğru olduğuna cəmiyyətin də əmin olacağına ümid edir. İsa Qəmbər AXCP sədri Əli Kərimlinin üstüörtülü iradlarına isə cavabında deyib ki, bəzi qüvvələr partiyanın bu qərarını qeyri-ardıcıl şəkildə mübarizə aparmaq kimi qiymətləndirir və partiyanı zəiflətmək istəyirlər”.
Müzakirələr zamanı Isa Qəmbər deyib ki, o və rəhbərlik etdiyi təşkilat Iranda demokratik və liberal rejimin qurulmasında maraqlıdır. Partiya sədri Iranın nüvə silahı əldə etmək istəyinin təhlükəli olduğunu da bildirib. O, Iranın nüvə proqramının Azərbaycana birbaşa təhlükə yaratdığını, Azərbaycanın müstəqilliyini məhdudlaşdırdığını və Azərbaycan hökumətini daim təzyiqdə saxlamaq imkanı verdiyini də söyləyib. O, Iranın Azərbaycan daxilindəki bəzi qüvvələrə təsir etmək gücündə və bəzi olaylarda əlinin olduğunun açıq göründüyünü də bildirib. O, Iran böhranının dinc yolla həlli qərarını dəstəklədiyini vurğulayıb. “Isa Qəmbər Iranın bir neçə ay ərzində nüvə silahına sahib olacağını düşündüyünü bildirib. Müsavat başqanı Qərbdən, Iranın Azərbaycana mümkün hücumu zamanı müdafiə olunması yardımını istəyib. Çünki Iran ABŞ və onun tərəfdaşlarına qarşı siyasətini davam etdirməkdə israrlı olacağı təqdirdə, Azərbaycanın “atəş xətti”ndə qalacağını bildirib”, - deyə Rino Harniş yazıb.
Səfir Isa Qəmbərin narahatlığına cavab olaraq, Iranla bağlı məsələnin diqqətdə saxlanıldığını və ABŞ hökumətinin avropalı tərəfdaşları ilə Iranın daxilində demokratik hərəkata dəstək vermək barədə qərar verdiklərini bildirib. Səfir, həmçinin Naxçıvanın enerji təchizatıyla bağlı məsələnin Azərbaycanın “zəif” tərəfi olduğunu anladığını da söyləyib.
“Etibar Məmmədov rəhbərlik etdiyi təşkilat ətrafında yaranmış problemin müzakirəsini təklif etdi”


AMIP lideri Etibar Məmmədov səfirə rəhbərlik etdiyi təşkilat ətrafında yaranmış problemin müzakirə edilməsi təklifini irəli sürüb: “Məmmədov AMIP liderliyindən bir ildən artıqdır ki, uzaqlaşsa da, partiyanın fəaliyyətinə təsir etmək gücündədir. Lakin bu il AMIP sədri Əli Əliyev partiyanı Etibar Məmmədovun təsirindən çıxarmaq üçün ciddi addımlar atıb. Məmmədov partiya üzərində təsirini təsdiqləmək üçün AMIP-i iki qanada parçaladı. Məmmədov partiya daxilində Əliyevin qanunsuz sədrlik postuna oturmasına qarşı hərəkata start verdi. Etibar Məmmədov Əli Əliyevin hələ partiyaya sədr olmazdan öncə uğursuz fəaliyyəti ilə tanındığını da bildirdi. O, rəhbərlik etdiyi qanadın fevralın 17-də toplanaraq mayda keçiriləcək əlavə seçkilərdə iştirak edib-etməməklə bağlı qərarı müzakirə edəcəklərini söyləyib. Məmmədov etiraf edib ki, onun rəhbərlik etdiyi qanadın əlavə seçkilərdə iştirakına müsbət yanaşır. (Əli Əliyevin başçılıq etdiyi qanad isə “Azadlıq” bloku ilə saziş imzalayaraq, əlavə seçkiləri boykot etmək barədə qərar qəbul edib)”.
Etibar Məmmədov Iranda mövcud olan repressiv rejimin idarəçiliyi altında yaşayan soydaşlarımızın durumundan narahatlıq keçirdiyini də vurğulayıb. AMIP lideri görüşün sonunda ABŞ hökumətinin mayda keçiriləcək seçkilərdə partiya namizədlərinə diqqət ayırmasını da səfirdən xahiş edib.

Hiç yorum yok:

Yorum Gönder