7.09.2011

Elmar Hüseynovu yarım milyon dollardan imtina etdiyinə görə öldürüblər?


Amerika diplomatlarının Vikiliks saytının bu günlərdə dərc etdiyi növbəti məxfi teleqramı “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun qətlinə aiddir.
Hesabatı səfir Enn Ders 24 yanvar 2006-cı ildə MTN rəhbəri Eldar Mahmudovla görüşün yekunlarına görə yazıb. 
Nazir bildirib ki, qətlin icraçıları Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevdir. Onlar bir ay jurnalisti ofisdən evə gedərkən izləyiblər və telefon danışıqları izləmənin qətl anına qədər davam etdiyini göstərir. Cinayətdən yarım saat sonra onlar taksi tutaraq avtovağzala, oradan da Gürcüstana yola düşüblər.


“Biz başqa ölkənin ərazisində əməliyyat həyata keçirə bilmərik”, deyərək Mahmudov şübhəli şəxslərin həbs olunmama səbəblərini izah edib. Daha sonra o deyib ki, onlar artıq Gürcüstanda deyillər və Azərbaycan 186 ölkədə axtarış elan edib.
Xubanov və Əliyevlə eyni mənzildə yaşayan daha üç Gürcüstan vətəndaşı işə cəlb olunub. Qətl günü onlar “ciddi problemlər” gözləndiyi üçün mənzili dərhal tərk etməyi və Gürcüstana qayıtmağı tələb ediblər.
 “Əminik ki, Xubanov və Əliyev cinayətkardır”, deyə nazir bildirib.
Daha sonra nazir bandit dəstəsinin başçısı Hacı Məmmədovun Elmar Hüseynovun qətlini keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin sifarişi ilə təşkil etdiyi haqqında etirafını xatırladıb.
Nazir inandırırdı ki, Fərhad Əliyev Hacı Məmmədovla əlaqəli idi və hətta vaxtilə onun qohumu ilə evlənməyə hazırlaşırdı. Daha əvvəllər isə onlar neft satırdılar və bunu çeçenler vasitəsilə edirdilər.
“Fərhad Əliyev bunu inkar edir, amma bizim tədqiqatımız göstərir ki, onların ünsiyyəti var idi”, deyə Mahmudov bildirib. Bu zaman o, Tahir Xubanov və Teymuraz Əliyevin bununla nə əlaqəsi olduğunu izah etməyib.
MTN rəhbəri daha sonra iddia edib ki, Fərhad Əliyev qardaşı vasitəsilə Elmar Hüseynova barəsindəki tənqidi nəşrlərə son qoyması müqabilində 400-500 min dollar təklif edib.
“Kəşfiyyatımız göstərib ki, jurnalist bu məbləğdən imtina edərək, 2 mln. dollar tələb edib və elə buna görə öldürülüb”, deyə Vikiliks nazirdən sitat gətirir.

Hiç yorum yok:

Yorum Gönder