7.09.2011

“WikiLeaks”in Əliyevlər haqda açdığı yeni sirlər

ABŞ diplomatları Mehriban Əliyevanın hakimiyyət iddiası və Ilham Əliyevin buna reaksiyası haqda nələr yazıb?

Ölkə başçısı rusiyalı və iranlı həmkarlarına daha hansı epitetlər deyib? 

ABŞ diplomatlarının məxfi teleqramlarını açıqlayan “WikiLeaks” saytının Azərbaycanla bağlı yayımladığı yeni sənədlərdə ölkəmizdə baş verən ictimai-siyasi hadisələr, hakimiyyətdaxili proseslər, hakim ailənin sirləri haqda geniş məlumatlar yer alıb. ABŞ-ın ölkəmizdəki o zamankı səfiri Enn Dersinin 2008-ci il fevralın 4-də Vaşinqtona ünvanladığı məxfi məktubda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ABŞ Konqresinin üzvləri ilə keçirdiyi görüşün pərdəarxası məqamları öz əksini tapıb. Diplomat Mehriban Əliyevanın siyasi lider kimi təqdim olunması istiqamətində Azərbaycan hakimiyyətinin gördüyü işlərdən bəhs edib.

Ilham Əliyevin üstüörtülü cavabı nəyə hesablanmışdı?

Azərbaycan hökumətinin üzvləri ABŞ rəsmiləri ilə görüşləri zamanı ölkənin birinci xanımı Mehriban Əlievanın siyasi fiqur kimi qəbul olunmasına ciddi səylər göstərirlər. Xarici işlər nazirinin müavini Əliyevanın əmisi Hafiz Paşayev birinci xanımın yeni imicinin yaradılmasında xüsusi fəallığı ilə seçilir. Əliyevanın hökumətdən ayrı bir qüvvə formalaşdırmasına dair şayiələr də var. Hətta Ilham Əliyev müsahibələrinin birində bu şayiələrə üstüörtülü cavab da vermişdir: “Ailə daxilində müxalifət olmamalıdır. Mehriban mənim tərəfdarımdır. Mehriban və mən eyni dünyagörüşə və təsəvvürlərə malik olduğumuz üçün bütün hallarda anlaşa bilirik”. Ilham Əliyevin bu fikirləri, əslində, xanımının hakimiyyətdaxili qruplaşma yaratdığına dair ölkədə dolaşan iddialara cavab spekulyasiyası idi.

Senator Luqarla söhbət zamanı “şübhəli” təbəssüm 

Əliyeva hakim partiyanın namizədi kimi 2005-ci ildə keçirilən və kütləvi qanun pozuntularının müşahidə olunduğu parlament seçkilərində 92 faiz səs toplayaraq millət vəkili adını qazanıb. Senator Luqarla nahar zamanı o, seçki prosesi ərzində keçirdiyi görüşlər, məktəb tikintisindən qürurla danışdı. Ilham Əliyev Luqarla söhbət zamanı “şübhəli” təbəssümlə bildirdi ki, onun həyat yoldaşının parlamentdə təmsil olunması üçün Bakı ətrafı kəndlərin sakinlərindən çoxlu sayda tələb məktubu alıblar. Seçicilər düşünürlər ki, Mehriban Əliyeva onların deputatı olarsa problemlərinin həllinə xeyli köməkliklər göstərə bilər.
Əliyeva parlementin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr qrupunun sədridir. Mehriban Əliyevanın keçirdiyi görüşlərin onun fəaliyyətinin təbliğinə hesablandığı şübhəsizdir. Onun prezidentin xanımı, parlamentin üzvü kimi təqdimatından başqa, “Heydər Əliyev Fondu”nun rəhbəri kimi xeyriyyəçi və mədəniyyətin təbliğatçısı imicinin yaradılması da açıq görünür. Mehirban Əliyevanı siyasi fiqur, hətta ərinin varisi kimi də təqdim edirlər.

Hafiz Paşayev Mehriban Əliyevanı necə əsəbiləşdirib?

Birinci xanım ingilis dilində sərbəst danışır. Səfirlik müşahidəçiləri bildirir ki, Mehriban Əliyeva ingilis dilini son 18 ayda daha da təkmilləşdirib. Konqres üzvləri ilə görüşlər zamanı ona ünvanlanan sualların əksəriyyətini Əliyevanın əmisi Hafiz Paşayev cavablandırırdı. O, hətta birinci xanımın sözünü kəsirdi. Mehriban Əliyevanın bundan əsəbiləşdiyi görünürdü. Ancaq əsəblərini boğmağa çalışırdı. Hətta o, əmisi ilə bir tarixi hadisə haqqında mübahisə edtiyi vaxt səhv olduğunu qəbul edib geri addım atdı. Əliyeva siyasi müzakirələr zamanı bir o qədər də geniş təsəvvürlərə sahib olmadığını gizlədə bilmirdi. O, parlamentin üzvü və Azərbaycan-ABŞ qrupunun rəhbəri olsa da, xüsusi fəallığı ilə seçilmir. Səfirlik müşahidəçiləri onun parlamentdə qeyri-sabit fəaliyyəti ilə seçildiyini bildirir.

Əliyeva konqresmenlərin hansı sualına cavab verə bilməyib?

Mehriban Əliyeva ABŞ-da keçiriləcək prezident seçkiləriylə də maraqlandı. O, Hillari Klintonun Demokratların namizədi olduğunu Hafiz Paşayevdən eşidəndə təəccübləndi. Konqresin üzvünün Azərbaycanda baş tutacaq prezident seçkilərinin keçiriləcəyi tarix haqda sualına isə cavab verməyə çətinlik çəkdi və əmisinə tərəf boylanaraq dəqiq vaxtı öyrəndi. Ona “Heydər Əliyev Fondu” ilə bağlı suallar veriləndə isə geniş cavablar verməyə çətinlik çəkmirdi. Fondun gördüyü işlərdən, mədəni fəaliyyətlərindən geniş izahat verirdi. Mehriban Əliyeva qonaqları ilə görüşlərini “Heydər Əliyev Fondu”ndakı təmtəraqla bəzədilmiş otağında keçirir.

Ilham Əliyev qonşularını “sevmir”

“WikiLeaks”ın açıqladığı başqa bir məxfi məktub isə ABŞ-ın ökəmizdəki səfirliyinin əməkdaşı Ceyson Hilana məxsusdur. Hilan 2007-ci il 9 yanvar tarixli məktubunda ABŞ dövlət katibinin insan haqları üzrə köməkçisi Bari Louenkronun Ilham Əliyevlə görüşünün pərdəarxası məqamlarına yer ayırıb.
Dipomat yazır ki, görüş zamanı demokratiyanın inkişaf etdirilməsi, Azərbaycanın regional siyasəti və s. məsələlər müzakirə olunub. Ilham Əliyev müzakirələr zamanı Azərbaycanın iqtisadi cəhətdən güclənmək üçün ünikal şansa malik olduğunu söyləyib. O, bununla yanaşı ölkənin təhlükəsizliyindən ciddi narahatlıq keçirdiyini də bildirib. Ilham Əliyev Azərbaycanın “çətin qonşular”la əhatələndiyini və qonşu ölkələrin heç birinin “yüz faiz demokratik” olmadığını vurğulayıb. Onun sözlərinə görə, hətta Iran, Rusiya və Gürcüstanda belə, vəziyyət sürətlə dəyişir və Azərbaycan islahatların sürətini bu perspektivlərə uyğun şəkildə qiymətləndirməlidir.

Putinin ərköyünlüyü Əliyevi ciddi narahat edib

Ilham Əliyev qonşu ölkələrlə bağlı düşüncələrini ABŞ rəsmisinin diqqətinə çatdıraraq bildirib ki, Rusiya böyük və şöhrətpərəstdir. Kreml regionda maraqlarını təmin etmək məqsədiylə Rusiyadakı azərbaycanlılardan və qazdan təzyiq vasitəsi kimi istifadə edir. Əliyev Rusiya prezidenti Vladimir Putinin “Rusiya hər şey edə və cəzasız qala bilər” mövqeyindən ciddi narahat olduğunu da Louenkronun nəzərinə çatdırıb. Əliyev bildirib ki, Putin Rusiya üçün hər şeyi qarşısındakına hörmət etmədən həyata keçirməyə can atır. Rusiya öz gücünə çox arxayındır.

Ilham Əliyev Əhmədinejadı necə xarakterizə edib?

Iran prezidentiylə bağlı düşüncələrini bölüşən Ilham Əliyev bildirib ki, Mahmud Əhmədinejad mədəni və “ağıllı həmsöhbət”dir. Əliyev Iranlı həmkarı barəsində bunları söyləyib: “Əhmədinejad qapalı şəxs olmasa da, siz heç vaxt onun nə düşündüyünü bilməzsiniz. O, verdiyi bəyanatlarında qətiyyən Iranın beynəlxalq imicini düşünmür. Əhmənejad çox təhlükəlidir. O, istədiyi hər şeyi edə bilər”.

Elmar Hüseynovun qətlinin istintaqı “WikiLeaks”də

Açıqlanmış digər məxfi teleqram isə yenə də Enn Dersiyə aiddir. Amerikalı diplomat 23 fevral 2007-ci il tarixli gizli teleqramında milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşü zamanı “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin istintaqı ilə bağlı aparılan müzakirələri qeyd edib.
Enn Dersi yazır: “Yanvarın 24-də milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüş zamanı ”Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətliylə bağlı aparılan istintaqın gedişi ətrafında müzakirələr aparıldı. Nazir istintaq zamanı 600 nəfərin dindirildiyini bildirdi.
Mahmudov dedi ki, istintaq qrupu şübhəli şəxs kimi Tahir Xubanov və Teymuraz Əliyevi müəyyənləşdiriblər. Nazir bu iki şəxsin Elmar Hüseynovun qatili olduqlarına əminliyini də səfirin diqqətinə çatdırıb. Mahmudov Azərbaycan müxalifətinin MTN-i fəaliyyətsizlikdə ittiham etməsinə münasibət bildirərək vurğulayıb ki, rəhbərlik etdiyi qurumun xarici ölkələrdə əməliyyat keçirmək hüququ yoxdur. Nazir Gürcüstan hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini də diplomata bildiribÝ.

Hacı Məmmədovun etirafı, Fərhad Əliyevin təkzibi

Eldar Mahmudov səfirə bildirib ki, Hacı Məmmədov məhkəmə zamanı Elmar Hüseynovu öldürmək üçün eks-iqtisadi inkişaf naziri Fərhad Əliyevdən əmr aldığını etiraf edib. Mahmudov deyib ki, Fərhad Əliyevin gündəliyində Hacı Məmmədovun telefon nömrəsi aşkarlandı, amma eks-nazir bunu gizlətməyə çalışırdı. Nazir Fərhad Əliyevin 1994-cü ildə Xarici Ticarət Palatasının rəhbəri olduğu zaman neft, yağ ticarətində paya malik olduğunu, Hacı Məmmədəov olayına görə həbs edilən çeçenlərdən biri ilə sıx biznes əlaqələri qurduğunu da deyib. Bununla belə, Eldar Mahmudov Fərhad Əliyevin Elmar Hüseynovun qətlində şübhəli şəxs kimi göstərilməsinə dair tutarlı dəlilləri olmadığını da söyləyib.

Fərhad Əliyevi çeçenlərlə nə bağlayırdı?

Milli təhlükəsizlik naziri Elmar Hüseynovun qətlinin istintaqını ölkə başçısı Ilham Əliyevin diqqətdə saxladığını söyləyib. Nazir qətl işinin açılması və cinayətkarların məsuliyyətə cəlb olunması istiqamətində ciddi təlimatlar aldığını da bildirib. Eldar Mahmudov onu da əlavə edib ki, cinayətin açılmasında obyektiv və subyektiv çətinliklər var. Ancaq o, bu il (2007-ci il) Elmar Hüseynovin qətliylə bağlı cinayətin yekunlaşacağına əminliyini də səfirin diqqətinə çatdırıb.

Hiç yorum yok:

Yorum Gönder