5.09.2011

Azərbaycana dair yeni məxfi sənədlər


İlham Əliyev Metyu Brayza ilə görüşündə “Azadlıq” radiosunu niyə bağlamasından danışıb: “Onlar müxalifətçiləri işə götürür, büronun rəhbəri Xədicə İsmayılova fəal müxalifətçidir və hakimiyyəti düşmən hesab edir”
“Ərdoğan bu qrup üzvlərinin azadlığa buraxılmasını xahiş edəndə Əliyev öz adamlarını, çox güman ki, MTN əməkdaşlarını Türkiyəyə göndərib və həmin videonun surətini Ərdoğana göstərib”



Qalmaqallı WikiLeaks saytı ələ keçirdiyi Amerika məxfi diplomatik teleqramlarını bu dəfə görünməmiş həcmdə yayaraq yenidən dünyanın diqqətini cəlb edib. Sayt Azərbaycanla bağlı sənədləri də kütləvi şəkildə yaymaqda davam edir və dünən son 10 gündə artıq üçüncü dəfə Bakıdakı ABŞ səfirliyindən göndərilən onlarla yeni sənədi yayıb. Bu sənədlərin çoxu “Məxfi” qriflidir və istər ABŞ-Azərbaycan münasibətlərinə, istər Azərbaycan iqtidarının qonşu ölkələrlə münasibətlərinə dair səs-küylü məqamları, sirləri əks etdirir.

Teleqramlardan biri 2009-cu il yanvarın 23-də ABŞ-ın Bakıdakı o vaxtkı səfiri Enn Dersi tərəfindən göndərilib. Teleqram dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə o vaxtkı köməkçisi, ABŞ-ın Bakıdakı indiki səfiri Metyu Brayzanın prezident İlham Əliyevlə görüşündən bəhs edir. Brayza “Azadlıq” və “Amerikanın səsi” radiolarının FM tezliyindən çıxarılmasını müzakirə etmək üçün gəlibmiş. Həmin il yanvarın 13-də dövlət katibinin müavini Con Neqraponte (Buş administrasiyası-red.) radioların FM tezliyinə qaytarılması ilə bağlı İ.Əliyevlə telefon danışığı aparıb. Əliyev Brayzaya deyib ki, o, Neqrapontenin qarşısında “Amerikanın səsi”, “Azadlıq” və BBC-nin FM tezliyinə qaytarılması ilə bağlı tezliklə danışacağına dair öhdəlik götürüb. O, əlavə edib ki, Neqraponte ilə telefon danışığından dərhal sonra Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova danışıqları başlatmaq barədə tapşırıq verib.
Brayza isə deyib ki, ABŞ hökuməti radioların FM tezliyinə qaytarılması üçün konstruktiv yol tapılacağına ümid edir. O deyib ki, bir formul Azərbaycan radio və telekanallarının ABŞ-da kabel kanallarında yayılmasına imkan verən dövlətlərarası razılaşma ola bilərdi. Diplomat yazır ki, bu məsələ ilə bağlı danışıqlar aparmaq üçün ABŞ Radioyayımlar Şurası Əli Həsənovu yanvarın 23-ü-fevralın 2-i arası Vaşinqtona dəvət edib. Ə.Həsənov isə cavab verib ki, bu məsələ ilə bağlı əvvəlcə Milli Teleradio Şurasının rəhbərliyi ilə danışmalıdır. İ.Əliyev isə deyib ki, Həsənovla bu danışıqların tezliklə başlanmasını bir daha müzakirə edəcək. Əliyev sonra Brayzanın məsələyə yanaşma metodunu alqışladığını deyib, bildirib ki, bu yanaşma Azərbaycana Rusiya və İranın ölkə ərazisində yayımlar təşkil etməsinə qarşı çıxmaq üçün yaxşı əsas verə bilər.
Teleqramda deyildiyinə görə, prezident şikayətlənib ki, Rusiya və İran öz radioyayımları vasitəsilə Azərbaycanda siyasi sabitliyi pozmaq istəyir və dini ekstremizmi yayır. Lakin Azərbaycana imkan verilmir ki, Rusiya və İrandakı azərbaycanlılar üçün yayımlar təşkil etsin. Sənəddən məlum olur ki, İ.Əliyev yanvarın 13-də dövlət katibinin müavini ilə radiolar məsələsini müzakirə edən gün prezident Corc Buş bu məsələ ilə bağlı ona məktub yazıb. İ.Əliyev deyib ki, onun C.Neqraponte ilə yaxşı müzakirə apardığı bir vaxtda Buşun məktubundan təəccüblənib. Prezident Buşa cavabı şəxsən hazırladığını, müzakirələrin yekunu olaraq bunu bildirib: “Bir yol tapıla bilər. İstəmirik ki, radiolar məsələsi növbəti administrasiya ilə münasibətlərdə əsas problem olsun”.
Teleqramda bildirilir: “Radioların Brayzanın təklif etdiyi formul əsasında FM tezliyinə qaytarılmasının mümkünlüyü barədə anlaşmaya baxmayaraq prezident bu dəfə ”Azadlıq" radiosundan şikayətlənib. Deyib ki, radionun verilişləri obyektiv deyil və hakimiyyəti tənqid edir. İ.Əliyev bu dəfə daha açıq danışaraq radioların bağlanması qərarının üç səbəbə əsaslandığını deyib. Birincisi, Azərbaycan qanunları xarici radioların ölkədə yayımlanmasına icazə vermir. İkincisi, Rusiya və İranın yerli radiodalğalarda yayımlar həyata keçirməsinə mane olmaq. Üçüncüsü, “Azadlıq”ın verilişlərinin məzmunu: “Prezident xüsusən ”Azadlıq" radiosunun dekabr və yanvardakı redaksiya tonunu şərh edib. Deyib ki, radionun prezidenti Ceffri Qodminin Bakıya səfərdən və onunla görüşəndən sonra “International Herald Tribune” qəzetinə göndərdiyi məktub çox mənfidir və onun Bakıda verdiyi vədlərə ziddir: “Qodminin səfərindən sonra ümid edirdik ki, radionun mövqeyi dəyişəcək”.
Daha sonra prezident radionun veb-saytında yanvarın ortalarında Azərbaycanın Qafqazın Türkmənistanına çevrildiyi barədə yerləşdirilmiş məqalədən şikayətlənib. O, “Azadlıq” radiosunun hakimiyyəti Bayraq Meydanının tikintisinə görə tənqid etməsindən də qəzəbləndiyini bildirib. Deyib ki, hökumətin bu cür işlərinə müdaxilə yolverilməzdir, çünki o, dövlətin simvolları ilə bağlıdır. Prezident deyib ki, “Azadlıq”ın Bakı bürosunda işləmək üçün müxalfətdən adamlar yığıb. O deyib ki, büronun rəhbəri Xədicə İsmayılova çoxdankı müxalifət fəalıdır və hakimiyyəti düşmən hesab edir. Prezident deyib ki, “Azadlıq”ın tonu ona sovet vaxtında radiounun SSRİ-ni dağıtmağa yönələn yayımlarını xatırladır: “Doğrudanmı biz indi Amerika üçün Sovet İttifaqı kimiyik? Bu, strateji tərəfdaşlıq üçün qəribədir”.
Brayza isə cavab verib ki, Qodmin məsələ ilə bağlı dialoq təklif edib və bu dialoq dəstəklənməlidir. Əliyev isə bunun vaxt və çox səy tələb etdiyini bildirib. Əlavə edib ki, onlar “Azadlıq” radiosunun istiqamətində sadə dəyişiklik axtarırlar".

***

Sonra söhbət enerji məsələlərindən gedir. Brayza Əliyevi Türkiyə ilə qaz tranziti problemi ilə bağlı apardığı danışıqlar barədə məlumatlandırır. Əliyev isə deyir ki, Azərbaycan Rusiyaya qaz satmağa Türkiyə ilə danışıqlarda mövqelərini gücləndirmək üçün razılıq verib. “Qazprom” heç vaxt seçim olmayıb. “Lakin biz ondan zəngə basmaq üçün istifadə etdik. İndi onların Ukrayna və Avropaya etdiklərindən sonra bu mümkün deyil” - deyə Əliyev bildirib. Daha sonra o, Türkiyə ilə qaz tranziti danışıqlarından məyusluq ifadə edib: “Biz ”Şahdəniz"in ikinci fazasında işə başlamaq üçün iki il itirdik. Mən bəlkə də heç vaxt düşünməzdim ki, ən yaxın dostumuz olan Türkiyə Azərbaycan qazının Avropaya çıxışını əngəlləyəcək. Bu davranış məsələni mürəkkəbləşdirir, mən bilmirəm nə edim".
İ.Əliyev Türkiyənin “Şahdəniz-II” qazından özünə xeyli pay almaq istədiyindən, bununla da yataqdan Avropaya ixrac etmək üçün çox az qaz qalacağından narahatlıq ifadə edib: “Türkiyənin məqsədi odur ki, Azərbaycan qazını özündə əsir saxlasın, bununla da Azərbaycandan daha ucuz qaz ala bilsin”.
Görüşdə İ.Əliyev Türkiyədəki AKP hökumətinin siyasətindən də narazılıq bildirib. Deyib ki, Türkiyə hökuməti siyasi İslama doğru gedir və dünyəvi demokratiyadan uzaqdır. Əliyev bildirib ki, Ərdoğanın Qəzza məsələsi ilə bağlı İsrailə kəskin hücumlarını anlaya bilmir, hansı ki, Misir, Səudiyyə Ərəbistanı və İordaniya səsini çıxarmır. Əliyev qeyd edib ki, Türkiyə Fələstində əsasən İrana bağlı qüvvələri müdafiə edir, HƏMAS-a meyl göstərir: “Bu, Türkiyənin İsraillə qurduğu bütün münasibətləri dağıdacaq, o cümlədən iqtisadi, hərbi, kəşfiyyat sahəsində münasibətləri. Türkiyənin bu mövqeyi bizim onunla vahid xarici siyasət aparmağımızı da çətinləşdirir”.
Türkiyə hökumətinin siyasi islama yönəlməsindən narahatlıqlarını ətraflı ifadə edən İ.Əliyev M.Brayzaya deyib ki, əslində Azərbaycan telekanallarından türk seriallarının yığışdırılması heç də onların Azərbaycan dilinə tərcüməsi ilə bağlı deyildi (Milli Teleradio Şurası serialların yığışdırılmasını rəsmən bununla izah edib). İ.Əliyev bildirib ki, bu serialların yığışdırılmasının əsl səbəbi onların qadınları hicabda göstərməsidir. Bu, Azərbaycana da təsir edə bilər: “Biz görəndə ki, iranlılar öz qadınlarını örtür, buna gülürük, lakin burada insanlar Türkiyədə də qadınların örtündüyünü görəndə buna daha ciddi yanaşır”.
Teleqramda daha sonra deyilir: “Prezident onu da bildirdi ki, yerli televiziya aparıcılarına ”qeyri-rəsmi xahişlə" müraciət edərək bir daha hicablı qadınlar göstərməməyi xahiş edib. O deyib ki, bu cür qadınlar haqda heç bir mənfi fikirdə deyil, lakin istəmir ki, belələri televiziyada görünsün. (Şərh: səfirlik telekanallarda bu cür dəyişiklik müşahidə etmir). Nəhayət, prezident dedi ki, onun hökuməti Azərbaycan ərazisində Türkiyədən maliyyələşən dini fundamentalist qruplaşma aşkar edib. Qrupun adı “İkramlar”dır və onlar Azərbaycanın hərbi və polis akademiyalarına sızmağa cəhd edərkən həbs olunublar. Prezident dedi ki, bu qrupun üzvlərinin dini ritualda iştirak edərkən çəkilmiş videosunu şəxsən izləyib: “Onlar heyvana bənzəyirdi”.
Ərdoğan bu qrup üzvlərinin azadlığa buraxılmasını xahiş edəndə Əliyev öz adamlarını, çox güman ki, MTN əməkdaşlarını Türkiyəyə göndərib və həmin videonun surətini Ərdoğana göstərib. “Biz İrandan bunu gözləyirdik, Türkiyədən yox” - deyə Əliyev gileylənib".
Səfirin şərhi: Vaşinqtonun dəstəyi radioların FM tezliyinə qaytarılması üçün hökumətlə danışıqların irəli getməsinə kömək edər. Hələ məlum deyil ki, bu danışıqlar başlayacaqmı, başlayacaqsa nə vaxt başlayacaq və irəliləyişlər nə zaman əldə olunacaq. İndi Əliyevin “Azadlıq” radiosunun verilişləri ilə bağlı ümumi baxışları onu göstərir ki, bu danışıqlar çox çətin olacaq. Səfirlik Azərbaycan rəhbərliyini “Azadlıq”ın təkliflərinə dair dialoqa həvəsləndirəcək.

***

Həmin ilin yanvarında göndərilmiş digər teleqramda isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azadlıq” radiosunun Bakı bürosuna təzyiqlərindən bəhs edilir. Nazirliyin işçiləri radionun redaksiyasına daxil olaraq yayım avadanlıqlarını aparmaq istəyib, Xədicə İsmayılovanın müqavimətindən və nazirliyə bir neçə zəngindən sonra onlar ofisi tərk edib.

Hiç yorum yok:

Yorum Gönder