5.09.2011

İlham Əliyevin xaricilərlə gizli danışıqları


WikiLeaks saytı ötən il ələ keçirdiyi 250 mindən çox Amerika məxfi diplomatik teleqramlarının indiyədək açıqlanmamış hissəsinin hamısını heç bir redaktəyə məruz qoymadan sayta yerləşdirib. Bununla da Amerikanın Azərbayan da daxil olmaqla dünyanın müxtəlif ölkələrindən apardığı məxfi diplomatik yazışmalar, bu yazışmalardakı sirlər üzə çıxıb. Wikileaks saytının məlumatına görə, hazırda saytda amerikalı diplomatların 251287 redaktə olunmamış məktubu sentyabrın 3-də internetə yerləşdirilib. Sənədlərdə informasiya mənbələrinin adları açıqlanır.



Materialların dərci Wikileaks və Britaniyada dərc olunan “Guardian” qəzeti arasında mübahisənin nəticəsi olaraq görülür. Bundan əvvəl  Wikileaks “Guardian” qəzetini məxfi materialların icazəsiz dərcində günahlandırmışdı.
Wikileaks deyir ki, “Guardian”ın günahı ucbatından 250 mindən çox redaktə olunmamış diplomatik teleqram açıqlanıb. Portal bununla bağlı qəzeti məhkəməyə verib.
“Guardian” isə baş verənlərdə saytı suçlayır və iddia edir ki, dərc olunmamış məlumatların müdafiə sistemi zəif olub.
Qəzetin jurnalistləri bu materiallara giriş parolunu açıqlayacaqlarını da bəyan ediblər. Sadəcə onlar parolun tez-tez dəyişə biləcəyini düşündükləri üçün onu dərc etdirdikləri kitabda açıqlayacaqlar.
 “Guardian” ilk vaxtlar Amerika diplomatlarının yazışmalarının dərcində Wikileaks portalının tərəfdaşı idi. Wikileaks Dövlət Departamentinin yazışmalarını ötən ilin sonlarından dərc etdirməyə başlayıb; amma sənədlər saytda hər zaman müəyyən həcmdə və redaktə olunmuş versiyada yerləşdirilirdi.
On minlərlə teleqram artıq açıqlanmışdı və bu prosesin noyabrın sonlarında başa çatdırılması gözlənilirdi.
Ancaq ötən cümə günü Twitter mikrobloqunda saytın əməkdaşları yazıblar: “45 illik ABŞ ”diplomatiyasına" işıq salaraq arxivləri həmişəlik açmaq vaxtıdır". Bundan sonra isə Wikileaks diplomatların yazışmasını ölkələr üzrə qruplaşdıraraq dərc etdirməyə başlayıb."Guardian" və Wikileaks ilə əməkdaşlıq edən digər üç qəzet - “El Pais”, “New York Times” və “Der Spiegel” birgə bəyanat verərək ABŞ arxivlərinin redaktəsiz dərc etdirilməsini pisləyiblər. Onlar deyir ki, Wikileaks bu məlumatları dərc etdirməklə ABŞ diplomatları ilə məxfi ünsiyyətə girən insanların həyatını təhlükə altına qoyub.

Amerikalı general nasosnıda

Xəbər verdiyimiz kimi, sayt Bakıdakı ABŞ səfirliyi tərəfindən 2006-2010-cu illər ərzində göndərdiyi yüzlərlə məxfi teleqramı da yayıb. Sənədlərin həcmi kifayət qədər böyük olduğundan onların hamısının məzmunu ilə tanış olmaq mümkün deyil. Bununla belə “Yeni Musavat” sənədlərin arasından bəzilərinin məzmununu  tərcümə edib yaymaqdadır. Beləliklə, 2009-cu ilin dekabrında göndərilmiş teleqramda ABŞ-ın Avropadakı hava qüvvələrinin komandanı general Rocer Breydinin Bakıya qısamüddətli səfərindən bəhs edilir. Teleqramı ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Donald Lu yazıb. Sənəddə deyilir ki, general Breydi dekabrın 8-də Bakıya qısamüddətli səfərə gəlib, Azərbaycan müdafiə naziri Səfər Əbiyevlə görüşüb. Lakin görüş gözlənildiyindən qısa sürüb və ABŞ-ın Əfqanıstana hərbi yüklər daşıması məsələsində əhəmiyyətli nəticə əldə olunmayıb. Bununla belə general Breydi S.Əbiyevlə birlikdə Sumqayıt yaxınlığındakı Nasosnı hərbi bazasına baş çəkib və nümayiş etdirib ki, Birləşmiş Ştatlar Bakıyla hərbi əməkdaşlığı davam etdirməyə hazırdır. Bildirilir ki, görüşdə Amerika hərbi təlimatçılarının Azərbaycanda Əfqanıstana göndərilmək üçün hərbçilərin hazırlanması proqramı, Azərbaycan aerodromlarının logistika imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub. Əbiyev Amerika tərəfinin bu istəklərinə cavab olaraq deyib ki, məsələni əvvəlcə XİN-lə razılaşdırmaq lazımdır, eyni zamanda o, ABŞ-ın və NATO-nun Ermənistanla münaqişənin nizamlanmasında Azərbaycana yetərli dəstək verməməsindən də narazılıq bildirib.

Pentaqon Bakı ətrafında baza yerləşdirmək istəyir

Daha sonra general Breydi Nasosnı aviabazasına yollanıb. Teleqramda deyilir ki, bu hərbi aerodrom Pentaqon tərəfindən modernləşdirilib, orada müasir naviqasiya sistemləri uçuşunun təhlükəsizliyini təmin etmək üçün avadanlıqlar yerləşdirilib. Həmçinin qeyri-rəsmi olaraq aerodrom Əfqanıstana uçan Amerika hərbi nəqliyyat təyyarələri üçün ehtiyat yanacaq götürmə məntəqəsidir. Aviabazada amerikalı generala hərbi aerodromun imkanları barədə məlumat verilib. Həmçinin bildirilib ki, Amerika hərbi hava qüvvələrinin C-17 nəqliyyat təyyarələri əvvəllər dəfələrlə Nasosnıdan istifadə ediblər. Teleqramda deyilir ki, bundan əvvəl Pentaqon Azərbaycana Nasosnı aerodromunun Heydər Əliyev beynəlxalq aeroportuna alternativ olaraq Əfqanıstana yüklərin daşınması üçün istifadəsini təklif edib. Rəsmi Bakı buna hələ müsbət cavab verməyib. Səfirlik hesab edir ki, əgər Qırğızıstandakı Manas aviabazası bağlansa, Nasosnı ona yaxşı alternativ ola bilər.

Əliyev-Kaydenau görüşü: Azərbaycan Sürix protokollarına qarşıdır

2009-cu ilin oktyabrında göndərilən digər teleqram ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Tina Kaydenaunun Bakıya səfəri və prezident İlham Əliyevlə görüşü barədədir. Görüşdə söhbət əvvəlcə Türkiyə-Ermənistan protokollarından gedib. Azərbaycan prezidenti bildirib ki, Türkiyənin bu hərəkəti Bakının ciddi narazılığına səbəb olub. Bununla belə, o əlavə edib ki, xarici işlər naziri Əhməd Davudoğlu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ciddi irəliləyiş olmadan bu protokolların ratifikasiya edilməyəcəyini ona bildirib. Əliyev Türkiyənin bu vədinə sadiq qalacağına ümid etdiyini deyib, əlavə edib ki, Azərbaycan özü də Ermənistanla sərhədlərini açmağa hazırdır. Ancaq bunun üçün Ermənistan işğal edilmiş ərazilərdən çəkilməlidir. T.Kaydenau isə deyib ki, Vaşinqton Əliyevin bu məsələdə baxışlarını anlayır. Eyni zamanda Amerika hökuməti başa düşür ki, faktiki olaraq Qarabağ məsələsində irəliləyiş olmasa, Türkiyənin Sürix protokollarını ratifikasiya etməsi çətin olacaq. O bildirib ki, ABŞ münaqişənin nizamlanmasına göstərdiyi dəstəyi artırır, bu məqsədlə təcrübəli diplomat Robert Bradtke Minsk Qrupunun həmsədri təyin olunub. Diplomat israr edib ki, Əliyev tezliklə Sərkisyanla görüşsün. Kaydenaunun bildirdiyinə görə, Azərbaycan və Türkiyə ictimaiyyətlərinin güclü etirazları qarşısında Ankaranın Sürix protokollarını ratifikasiya etməkdən çəkinməsi Sərkisyanın Qarabağ məsələsində hansısa güzəştə getməsini də çətinləşdirir.

Bloqqerlərin işinə görə sərt mesaj

Daha sonra Kaydenau Azərbaycan prezidentindən xahiş edib ki, Əfqanıstandakı sülhməramlı qüvvələrinin sayını artırsın, ora daha bir batalyon göndərilsin. Əliyev “biz buna hazırıq” deyib, bildirib ki, müdafiə nazirinə müvafiq tapşırıq verəcək. Lakin o əlavə edib ki, Azərbaycan Əfqanıstan missiyasına dəstəyini artırmaqla ABŞ-dan silah almağa ümid edir. Əliyev 907-ci düzəlişin hələ də qüvvədə olmasından narazılıq bildirib, deyib ki, ABŞ-ın məhdudiyyətlərinə baxmayaraq Azərbaycan xarici ölkələrdən silahlar alır: “Lakin biz Rusiya silahları ilə NATO standartlarına uyğunlaşa bilmərik”. Teleqramda bildirilir ki, Keydenau prezidentlə görüşdən sonra xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb, ancaq o, Əfqanıstana əlavə qüvvələrin göndərilməsinə o qədər də meylli görünməyib. Amerikalı diplomat Əliyevlə görüşdə bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəməsi məsələsini də qaldırıb, bildirib ki, onların həbsi böyük beynəlxalq rezonansa səbəb olub və Vaşinqtonun da diqqət mərkəzindədir. Kaydenau qeyd edib ki, bu cür məsələlər ikitərəfli münasibətlərin gələcəyini sual altında qoyur. Əliyev isə cavabında deyib ki, bloqqerlər müxalifətin üzvləri deyil və tutulana qədər onları heç kim tanımırdı: “Hər gün Bakıda neçə bu cür dava-dalaş olur və onlar ”beynəlxalq müdaxilə" olmadan yoluna qoyulur. İndiki halda biz xarici diplomatların yersiz müdaxilələri və şərhləri ilə üzləşirik. Eyni zamanda regionun digər ölkələrindəki bu cür hallara yanaşma fərqlidir, Ermənistana və Gürcüstana ayrı münasibət var. Əgər bu müdaxilə olmasaydı, məsələ, yəqin ki, çoxdan həll olunmuşdu".
Kaydenau isə bildirib ki, ABŞ hökuməti Azərbaycan və regionun digər ölkələrində demokratiyanın dəstəklənməsinə çox ciddi yanaşır. Məsələn, İrəvan demokratik standartlara cavab verə bilmədiyi üçün bu ölkəyə “Minillyin Çağırışları” proqramı çərçivəsində ayrılan 50 milyon dollar yardım dayandırılıb. Əliyev bundan sonra Emin Milli və Adnan Hacızadənin məsələsi ilə bağlı heç bir şərh verməyib. Görüş daha sonra Azərbaycanın BMT Baş Assambleyasında Qarabağa dair qətnamə layihəsini səsverməyə çıxarmaq cəhdləri ətrafında müzakirəylə davam edib. Kaydenau deyib ki, onların məlumatına görə, Azərbaycan layihəni səsverməyə çıxarmağa hazırlaşır, ancaq həmsədr ölkələr bu sənədin əleyhinə səs verəcək. Çünki sənəd danışıqlar prosesinə mane ola bilər. Əliyev isə qətnamə layihəsinin səsverməyə nə zaman çıxarılacağı barədə onda məlumat olmadığını, məsələni XİN-lə dəqiqləşdirəcəyini bildirib, əlavə edib ki, o da indiki situasiyada layihənin səsverməyə çıxarılmasının prosesə mane olacağını düşünür.

“Hizbullah” terrorçularına görə güclü təzyiqlər: Prezident onların arxasında təkcə İranın dayanmadığını deyir

Bundan sonra tərəflər terrorrçuluqla mübarizədə əməkdaşlıq məsələlərinə keçiblər. Kaydenau Əliyevə onun terrora qarşı mübarizədə göstərdiyi əməkdaşlığa görə təşəkkür edib. Bakıdakı İsrail səfirliyini partlatmağa cəhd edərkən tutulan “Hizbullah” terrorçuları Əli Məhəmməd Kərəki və Əli Hüseyn Nəcməddinin məsələsini xüsusi qeyd edib. Prezident bildirib ki, bu şəxslərin həbsdə qalması məsələsi ilə şəxsən məşğul olub. Lakin bu işin asan olmadığını bildirib. “Əliyev  bildirib ki, iranlılar bu terrorçuların azadlığa buraxılması üçün ona müntəzəm təzyiq göstərir. O cümlədən İran prezidenti dəfələrlə bunu istəyib. Həmçinin İran xarici işlər nazirinin müavini, prezident administrasiyasının rəhbəri belə tələblərlə Bakıya müraciət ediblər. O həmçinin qeyd etdi ki, İran bir neçə Azərbaycan vətəndaşını bu terrorçuların həbsinə cavab olaraq girov saxlayıb. Əliyev daha sonra dedi: ”Bu terrorçuların arxasında həddən artıq çox qüvvələr var. İndi bir qədər tezdir, ancaq nə vaxtsa mən açıqlayacam ki, bizə daha kimlər təzyiq ediblər. Bunlar təkcə iranlılar deyil", deyə sənəddə bildirilir. (Qeyd: sözügedən “Hizbullah” terrorçuları ötən il İrana təhvil verilib, bu, İsraildə və ABŞ-da ciddi narazılıq doğurmuşdu.)
Görüşün sonunda Bakıdakı ABŞ səfirliyinin təhlükəsizliyi məsələsi qaldırılıb. Kaydenau bildirib ki, Azərbaycan DİN səfirliyə pulsuz silahlı mühafizəçilər ayrılmayacağını bildirib, xəbərdar edib ki, səfirlik silahlı polislərdən ibarət mühafizə almaq istəyirsə, bunun üçün pul ödəməlidir. Həmçinin DİN səfirliyin öz mühafizə xidmətinin əməkdaşlarının silah gəzdirməsinə icazə verilməyəcəyini bildirib. Kaydenau deyib ki, onlar bu məsələni səfirliyə təzyiq hesab etmirlər, ancaq təhlükəsizlik məsələsi həll olunmalıdır və Azərbaycan tərəfi səfirliyin mühafizə xidmətinin əməkdaşlarının silah gəzdirməsinə icazə verməlidir. Əliyev isə bu məsələnin müsbət həll edilməsinə vəd verib.

Hiç yorum yok:

Yorum Gönder