8.09.2011

“Azadlıq” və ANS-lə bağlı şok faktlar

Enn Dersi XIN başçısına deyib ki, problem həllini tapmasa, ikitərəfli münasibətlər sual altına düşəcək

Elmar Məmmədyarov ABŞ səfirilə görüşdə baş verənləri məmur axmaqlığının nəticəsi adlandırıb

Bu günlərdə “WikiLeaks” saytında açıqlanmış materiallar arasında ABŞ-ın Bakıdakı səfiri Enn Dersinin 2006-cı ilin noyabrında “Azadlıq” qəzeti redaksiyasının köçürülməsi və ANS telekanalının bağlanması barədə məlumat da var. Səfir bütün bunların necə baş verdiyini və noyabrın 24-də Ilham Əliyevlə söhbətini ətraflı təsvir edir. O zaman məlum olub ki, Milli Televiziya və Yayım Şurası noyabrın 25-dən ANS telekanalının bağlanması barədə qərar qəbul edib.



“Əliyev dedi ki, Azərbaycanın imicinə zərərin dərəcəsini başa düşür, lakin buna mətbuat azadlığına qarşı addım kimi baxmaq lazım deyil. O deyib ki, Ramiz Mehdiyevə və Əli Həsənova tapşırıb ki, vəziyyətdən çıxış yolu tapsınlar”, - deyə Enn Dersi yazır.

Əliyev ANS-lə bağlı nə deyib?

Əliyev səfiri inandırmağa çalışıb ki, burada siyasi motiv yoxdur və Milli Teleradio Şurası “bu addımı” atmağa məcbur olub, çünki bir ildir ki, ANS milli qanunlar çərçivəsində fəaliyyət göstərilməsi ilə bağlı tələblərə məhəl qoymur.
Həmçinin Əliyev bildirib ki, bu telekanalla heç bir şəxsi problemi yoxdur və 2005-ci ildə telekanalın dəstəklənməsi ilə bağlı bəyanatını da xatırladıb. Belə ki, o zaman telekanal prezidentin əmisinin hücumlarına məruz qalmışdı.
“Hüquqi məsələlər nizamlanana qədər kanal öz fəaliyyətini bərpa edə bilərmi?” sualının cavabında Əliyev deyib ki, ANS qanunun tələblərinə riayət etməkdən boyun qaçırıb.
Səfir xatırladıb ki, əgər vəziyyət tez həllini tapmasa, bu, ikitərəfli münasibətlərə və Azərbaycanın reputasiyasına mənfi təsir göstərəcək.

Səfir ABŞ-a məktubunda “Azərbaycan şokdadır” yazıb

Həmin gün axşam Bakı Iqtisad Məhkəməsi “Azadlıq”, “Bizim yol” qəzetlərinin, “Turan” agentliyinin və Xalq Cəbhəsi Partiyasının Xaqani, 33 ünvanındakı binadan çıxarılması barədə qərar qəbul edib. Binadan çıxarılma Bakı polisinin rəis müavini Yaşar Əliyevin rəhbərliyi ilə həyata keçirilib.
Üç gündən sonra Dersi yeni teleqram göndərərək ANS-in bağlanması və aparıcı KIV-lərin öz ofislərindən çıxarılması ilə bağlı Azərbaycan ictimaiyyətinin şoka düşdüyünü bildirib. Dersi qeyd edib ki, R.Mehdiyev həmin KIV-lərə və AXCP-yə adekvat yerlər və imkanlar vəd etsə də, bu, baş verməyib. Noyabrın 27-də XIN rəhbəri Elmar Məmmədyarovun Enn Dersi ilə görüşündə söylədiyi fikirləri isə sensasiya hesab etmək olar. Belə görünür ki, Dersi Məmmədyarova güclü təzyiq göstərərək bildirib ki, əgər problem həllini tapmasa, gələcək ikitərəfli münasibətlər sual altına düşə bilər. Nazir R.Mehdiyevə və digərlərinə zəng vuraraq vəziyyəti müzakirə etməyə razılaşıb. Lakin məyus görünən Məmmədyarov söhbəti bu fraza ilə bitirib: “Baş verənlərin hamısı “məmur axmaqlığının” nəticəsidir”.

Əmr Ramil Usubovdan gəlib

Səfir sonra yazır ki, hakimiyyət “Azadlıq” qəzetinin redaksiyasından çıxarılmış təşkilatların mülkiyyəti ilə bağlı vədlərini yerinə yetirməyib. Həmin KIV-lər və AXCP öz əşyalarını götürmək üçün binaya buraxılmayıb. Binanı mühafizə edən polislər bildiriblər ki, əşyaların aparılmasına icazə verilməməsi üçün nazir Ramil Usubovun əmri var. Bu, “Azadlıq”, “Bizim yol” qəzetlərinin və “Turan” agentliyinin işinə ciddi ziyan vurub.
Sonrakı günlər Dersi Vaşinqtona bu mövzuda daha bir neçə teleqram göndərib. Sonuncu məktub 11 dekabr tarixlidir. Sənəddə telekanalın fəaliyyətinin bərpa olunduğu bildirilir.
Həmin gün MTRŞ-nin rəhbəri Nuşirəvan Məhərrəmli bildirib ki, ANS-ə yayımı bərpa etməyə icazə verilib. O, bunun səbəbini çoxsaylı müraciətlərinin olması ilə izah edib. Verilişlərin xarakterindəki dəyişikliyə gəlincə, səfirliyin teleqramında qeyd olunur ki, ANS çətin ki əvvəlki kimi olsun.

Hiç yorum yok:

Yorum Gönder