8.09.2011

İlham Əliyev: “Bura Azərbaycandır, Avropa deyil”

“WikiLeaks” saytı tərəfindən açıqlanan ABŞ səfiri Enn Dersin teleqramlarından biri 2007-ci ildə həbs olunmuş jurnalistlərin taleyindən bəhs edir. Səfir bu mövzunu iyulun 27-də dövlət başçısı İlham Əliyevlə müzakirə edib.

Səfir növbəti dəfə jurnalistlərin həbsi və onlara qarşı zorakılıq faktlarının araşdırılmaması ilə bağlı beynəlxalq birliyin narahatlığını diqqətə çatdırıb. İ.Əliyev buna birmənalı cavab verərək “beynəlxalq təzyiqlərin qarşısında əyilmədiyinə” işarə edib. Eyni zamanda o, açıq şəkildə qeyd edib ki, əgər jurnalistlər ondan əfv olunmalarını xahiş etsələr, o, öz “səxavətini” göstərər.



Sonra Əliyev qeyd edib ki, jurnalistləri həbsxanada saxlamaq ölkənin imici üçün pisdir və onları azad etmək istərdi. “Məsələ bunu hansı şəraitdə etməkdir”, -Ders Əliyevdən sitat gətirir.

Prezident bildirib ki, mətbuata hücumlar qarşıdakı 2008-ci il prezident seçkiləri ilə əlaqədar deyil. “Nə müxalifət, nə də tərəfdarlarım arasında mənim rəqibim yoxdur. Odur ki, mən seçkidə problemsiz qalib gələcəm. Belə olan halda nəyə görə mətbuata təzyiq göstərməliyəm”, - o vurğulayıb.

O həmçinin deyib ki, jurnalistləri barmaqlıqlar arasında görmək istəməzdi, lakin onlara qarşı iddia qaldıranlar “qanun çərçivəsində hərəkət ediblər və mən onları dayandırmadım”, - o qeyd edib. Dövlət başçısı vurğulayıb ki, həbsdə olan yeddi jurnalist ABŞ, ATƏT və Avropa Şurasından dəstək istəyir, lakin prezidentdən əfv olunmalarını xahiş etmirlər.

“Bura Azərbaycandır, Avropa deyil. Onlar məndən xahiş etməlidirlər”, - o qeyd edib. Səfirin “belə olan halda məhkumlar öz günahlarını etiraf etmiş olacaqlar” iradına Əliyev cavab verib ki, “jurnalistlər ya öz günahlarını etiraf etməlidir, ya da həbsxanada oturmalıdır”.

Vəziyyətdən çıxmaqla bağlı səfirin təkidli təklifləri ilə bağlı Əliyev deyib: “Yaxşı, gəlin bunu həll edək. Mən istəyirəm ki, onlar çıxsınlar. Lakin məsələ  bundadır ki, nəyin bahasına”.

  Sonra Əliyev Qərbi ikili standartlarda və özünə qarşı qeyri-obyektiv münasibətdə ittiham edib. “Mən öz adımı mətbuatın 10 düşməni (yırtıcıları) siyahısında görürəm. Gürcüstanda müxalifət yoxdur. Telekanallar oliqarxlar tərəfindən alınıb. Müxalifət liderləri həbsxanadadır. Ancaq onları demokrat hesab edirlər.

Ukraynada Yuşenko konstitusiyanı 60 dəfə pozur, Avropa Şurası, Avropa İttifaqı və ABŞ susur”, - o vurğulayıb.

Ders görüşün yekunları ilə bağlı öz şərhində yazır ki, media azadlığı məsələsi İlham Əliyevi qıcıqlandırırdı. O bir neçə dəfə deyib ki, nə edir etsin, Qərb onu diktator adlandırır. Belə təəssürat yaranır ki, o, həbsdə olan jurnalistlərin probleminin həlli yollarını axtarır. Lakin bunu elə etmək istəyir ki, öz simasını qorusun və bu, beynəlxalq ictimaiyyətin təzyiqlərinin qarşısında güzəştə getmək kimi qəbul olunmasın.

Hiç yorum yok:

Yorum Gönder