8.12.2010

İrəvan silah ixracatçısı, Bakı isə idxalçısı kimi

“WikiLeaks” internet-resursunun açıqladığı ABŞ Dövlət Departamentinin amerikalı diplomatlarla yazışmalarına əsasən, münaqişə vəziyyətində olan İrəvan və Bakı silahlanma bazarında müxtəlif yanaşmalar nümayiş etdirir. Burada Ermənistan satıcı və ya təkrar ixracatçı, Azərbaycan isə idxalçı qismində göstərilir. 
“The Guardian”ın “WikiLeaks”in materiallarına istinadən yazdığına görə, xüsusilə, ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays Ermənistanda akkreditə olunmuş diplomatlara tapşırıb ki, Bolqarıstandan silah gətirilməsi ilə bağlı etirazlarını bildirsinlər. Bu silahlar sonradan Ermənistan tərəfindən İrana satılıb, İraqda isə ABŞ Silahlı Qüvvələrinə qarşı istifadə olunub. 
Saytın açıqlamasına görə, bundan əvvəl ABŞ dövlət katibinin müavini Con Neqropontenin Ermənistan prezidenti Serj Sarkisyana ünvanladığı məktubda da analoji məsələlər səsləndirilib. “The Guardian”ın məlumatına görə, ABŞ-ın məsul şəxsləri Ermənistanın müdafiə nazirini İrana bolqar istehsalı olan avtomatik tapançalar və 100 ədəd tank əleyhinə RPG-22 raketlərinin tədarükünə şəxsən köməklik etdiyinə görə danlayıblar. Bu silahların təqribən 10 faizi 2008-ci ildə İraqda Amerika hərbçilərinə qarşı mübarizə aparan döyüşçülərdən götürülüb. 

Digər tərəfdən, “WikiLeaks”in açıqladığı Amerika diplomatlarının məxfi teleqramlarında bildirilir ki, “2008-ci ilin sentyabrında Azərbaycanla İsrailin Müdafiə Nazirliyi arasında 3 İsrail şirkətinin minaatan, döyüş sursatları, reaktiv artilleriya və rabitə avadanlıqları tədarük etməsinə imkan verən böyük saziş imzalanıb. Açıqlamada qeyd olunur ki, “Soltam” şirkəti minaatan və döyüş sursatları, “Tadiran Communications” şirkəti rabitə qurğuları, “Israeli Military Industries” raket tədarükünə dair müqavilə alıb. 

"Azərbaycanlıların nə aldığı dəqiq məlum deyil, bir şey aydındır ki, sövdələşmənin dəyəri yüz milyon dollarlarla ölçülür. Azərbaycan artıq “Israeli Military Industries”dən ağır 63502 seriyalı “Kamaz”larda quraşdırılmış 122 millimetrlik “Lynx” yaylım atəşi sistemi alıb”, - deyə teleqramlardan birində bildirilir. Digər sənəddə Azərbaycanın İsrail şirkətləri ilə pilotsuz təyyarələrin istehsalı üzrə birgə müəssisə yaratdığı və müəssisədə səhmlərin 51 faizinin Azərbaycana məxsus olduğu bildirilir. 

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.


Mənbə: http://www.guardian.co.uk/world/us-embassy-cables-documents/187156

Hiç yorum yok:

Yorum Gönder