9.12.2010

Azərbaycanla İsrail arasında hərbi əməkdaşlıq

Wikileaks saytının dərc etdiyi növbəti məxfi sənədlərdən biri Azərbaycanla İsrail arasında hərbi əməkdaşlığa aiddir. Teleqram 2009-cu il 13 yanvar tarixlidir. Sənədin xülasəsində deyilir ki, Azərbaycanla İsrailin münasibətlərində oxşar geosiyasi çətinliklər var və onlar hər biri İrana öz xarici təhlükəsizliyinə təhdid kimi baxır. Birinci dərəcəli hərbi sənayeyə malik və öz müştərilərinə qarşı yumşaq tələbləri olan İsrail müdafiə ehtiyacları ABŞ, Avropa və Rusiya tərəfindən qənaətbəxş sayılmayan Azərbaycan üçün ideal tərəfdaşdır. Bu, müxtəlif səbəblərdən, əsasən Ermənistan ilə münaqişə və Dağlıq Qarabağ hadisələri ilə əlaqədar baş verir.


     İsrail kimi Azərbaycan da İrana əsas təhlükəsizlik mənbəyi kimi baxır və bu səbəbdən də iki ölkə arasında ümumi əməkdaşlıq yaranır. Israilin Bakıdakı səfiri Artur Lenk çox zaman öz ölkəsinin fikirlərini yumorla çatdırırdı: “Əgər biz qonşularımızı Azərbaycanla dəyişə bilsəydik, bunu mütləq edərdik”. Hətta açıq mənbələr belə ölkələr arasında geniş münasibətlərin olduğunu üzə çıxarır, kəşfiyyat xidmətləri onları daha erkən dövrə - Heydər Əliyevin prezidentliyi dövrünə aid edir.
     Azərbaycan hakimiyyəti İsrailin Bakıdakı səfirliyinin maraqlarını hər vəchlə qoruyur. Məsələn, Bakıdakı səfirliyin missiya rəhbərinin müavini bildirib ki, Qəzza bölgəsində əməliyyatlar zamanı rəsmi hakimiyyət səfirliyin təhlükəsizliyini xeyli gücləndirmişdi. Administrasiya yanvarın 2-də keçiriləcək nümayişdən xəbər tutanda polislərin olduğu avtobusu hadisə yerinə göndərib və saxlanmalar həyata keçirib. Polis 150 nümayişçidən 25-ni saxlayıb, 20 nəfər 10 gündən 15 günədək həbs olunub.
     İsraillə sıx münasibətlərin sayəsində Azərbaycan öz ordusunun inkişafı üçün silahlanmanın yeni səviyyəsinə keçir. Müxtəlif hüquqi məhdudiyyətlər üzündən nə ABŞ-dan və Avropadan, nə də keçmiş sovet ixracatçılarından – Belarus və Ukraynadan bu cür texnikanı almaq mümkün deyil. Digər qərb ölkələri Azərbaycana yerüstü hərbi sistem satmağa ehtiyat elədiyi bir halda, İsrail bu cür sövdələşmələr etməkdə azaddır.
     2008-ci ilin sentyabrında Azərbaycanla İsrailin Müdafiə Nazirliyi arasında 3 İsrail şirkətinin minaatan, döyüş sursatları, reaktiv artilleriya və rabitə avadanlıqları tədarük etməsinə imkan verən böyük saziş imzalanıb. Açıqlamada qeyd olunur ki, “Soltam” şirkəti minaatan və döyüş sursatları, “Tadiran Communications” şirkəti rabitə qurğuları, “Israeli Military Industries” raket tədarükünə dair müqavilə alıb.
     “Azərbaycanlıların nə aldığı dəqiq məlum deyil, bir şey aydındır ki, sövdələşmənin dəyəri yüz milyon dollarlarla ölçülür. Azərbaycan artıq “Israeli Military Industries”dən ağır 63502 seriyalı “Kamaz”larda quraşdırılmış 122 millimetrlik “Lynx” yaylım atəşi sistemi alıb”, - teleqramda bildirilir. Sənədlərdə Azərbaycanın İsrail şirkətləri ilə pilotsuz təyyarələrin istehsalı üzrə birgə müəssisə yaratması və müəssisədə səhmlərin 51 faizinin Azərbaycana məxsus olması bildirilir.
     2009-ci ilin mayında İsrailin kənd təsərrüfatı naziri Şalom Simxon Bakıda səfərdə olub. Israil mənbələri onlar arasındakı ikitərəfli münasibətləri Heydər Əliyevin necə təsvir etməsi haqda danışıblar: “aysberq kimi münasibətlərin yalnız onda doqquzu görünür”. Düzdür. Çünki Bakı İslam Konfransı Təşkilatında öhdəlikləri baxımından İsrail ilə dost münasibətlərini tarazlaşdırır. Odur ki, Azərbaycan İsraildə səfirlik açmayıb və İsrailin Fələstin və Livanda apardığı əməliyyatları zəif tənqid edir, beynəlxalq arenada isə İKT-nin xəttini dəstəkləyir, hər vəchlə İranda qəzəb doğurmamağa çalışır.
     Ölkələrin münasibətlərində həqiqətən sərhədlər mövcuddur, lakin bu İsrail investorları və ya onların Azərbaycandakı kapitalları üçün hər hansı imtiyaz vermir. İsrail missiyası rəhbərinin müavini yumorlu şəkildə bizə danışıb ki, İsrail biznesmenləri bildiriblər onlar Qazaxıstan korrupsiyasına üstünlük verirlər, nəinki Azərbaycan. Belə ki, Qazaxıstanda bizneslə məşğul olmaq üçün böyük rüşvət vermək lazımdır, ancaq bunu bir dəfə ödəyirlər, Azərbaycanda isə rüşvət barədə tələblərin ardı-arası kəsilmir.
     Israilin Azərbaycanla münasibətləri açıq praqmatizm və prioritetlərin kəskin qiymətləndirilməsi üzərində qurulur. Israil Azərbaycanı İrana qarşı müttəfiq, kəşfiyyat hərəkətləri üçün platsdarm və hərbi texnika bazarı kimi saxlamalıdır.
     Azərbaycan da İsrail kimi iri, nüfuzlu və qeyri-dost qonşular arasında yerləşən dövlətdir. İsrail əsas məqsədlərə nail olmaq üçün ikinci dərəcəli problemlərə görə Azərbaycana təzyiq göstərməkdən çəkinir.


Mənbə: http://rusrep.ru/article/2010/12/06/iran/

Hiç yorum yok:

Yorum Gönder